Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyunda qalib gəlib.
Arena.az xəbər verir ki, bu gün ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşan və ağ fiqurlarla mübarizə aparan 28 yaşlı qrosmeyster 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Görüşdən sonra Nicat turnirin rəsmi saytına açıqlama verib. O, Karuana üzərində ilk oyunda qazanılan qələbənin önəmli olduğunu bildirib:
“İlk oyun mənim üçün rahat oldu. Karuananın səhvindən sonra qələbə qazanmağıma heç nə mane ola bilməzdi. Fabiano gözləmədiyim səhvə yol verdi. Düzgün gedişləri edərək oyunu qələbə ilə başa vurdum. Belə səhv Karuana kimi güclü şahmatçıya xarakterik deyil. Dünya Kuboku artıq uzun müddətdir davam edir, əksər şahmatçılar yorulub. Fabiano ötən gün tay-brekdə də mübarizə aparıb. Yorğunluq özünü göstərə bilər. Məndə də bir qədər yorğunluq var. Amma dünən oynamadığım üçün bərpa oluna bildim”.
Nicat Abbasov üçüncü yer uğrunda oyunda sona qədər mübarizə aparacağını söyləyib: “Sabah cavab oyunudur. Arxayınlaşmaq olmaz. Mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Bütün Azərbaycanın dəstəyini hiss edirəm. Üçüncü yer uğrunda mübarizə çox vacibdir. İlk üçlükdə olmaqla İddiaçılar Turnirində iştirakımı rəsmiləşdirmək istəyirəm”.
Qeyd edək ki, sabah keçiriləcək cavab görüşünə saat 15-00-da start veriləcək.


