Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş şahmat üzrə İddiaçılar Turnirində 2-ci görüşünü keçirib.
Arena.az xəbər verir ki, azərbaycanlı qrossmeyster bu dəfə ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib.
Qara fiqurlarla çıxış edən Abbasov uğursuz nəticə ilə yadda qalıb. Belə ki, o, Karuanaya məğlub olub.
2-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Rameşbabu Praqnanandha (Hindistan) – Qukeş Dommaraju (Hindistan) 0:1
Hikaru Nakamura (ABŞ) – Vidit Qucrati (Hindistan) 0:1
Yan Nepomnyaşi (Rusiya) – Əlirza Firuzca (Fransa) 1:0
Xatırladaq ki, Nicat Abasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə qarşılaşmış və heç-heçə etmişdi. Təmsilçimiz növbəti turda yenə ağ fiqurlarla birləşmiş ştatların digər təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 22:30-da start götürəcək.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.


