Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abbasov (2677) FIDE reytinqində böyük sıçrayışa nail olub.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Nicat Abbasov yeni siahıda 38 addım irəliləyib. Gənc qrosmeyster 97-ci pillədən 59-cu sıraya yüksəlib.
Azərbaycanın digər şahmatçılarından Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyib. O, hazırda 16-cı sırada qərarlaşıb.
Ölkənin digər tanınmış qrosmeysteri Teymur Rəcəbovun adı isə yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb. Rəcəbov ötən siyahıdan kənarda qalmışdı. Buna onun azı bir ay rəsmi turnirlərdə iştirak etməməsi səbəb olmuşdu. Əvəzində Qədir Hüseynov bu dəfə ilk “100-lük”dən kənarda qalıb.
Reytinqə Bakıdakı Dünya Kubokunun qalibi olan Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafata yiyələnən Fabiano Karuana (2786) isə ikinci pillədə qərarlaşıb. ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncüdür. Dünya Kubokunun sürpriz finalçısı Rameşbabu Praqqnanandha (2727) 19-cu sıraya qədər irəliləyib.
Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2441 xalla 29-cudur. Ülviyyə Fətəliyeva 2387 xalla 63-cü sırada qərarlaşıb. Gövhər Beydullayeva isə 2383 xalla 68-ci pillədədir.
Qadınların reytinqinə çinli Hou İfan (2628) başçılıq edir. Onu həmyerlisi Yu Venyun (2560) izləyir. Bakıda Dünya Kubokunu qazanan Aleksandra Qoryaçkina (FİDE, 2558) ilk “üçlüy”ü tamamlayır.


