Nicat Abbasov Hikaru Nakamura ilə “sülh bağladı”

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş şahmat üzrə İddiaçılar Turnirində 3-cü görüşünü keçirib.

Arena.az xəbər verir ki, azərbaycanlı qrossmeyster bu dəfə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.

Ağ fiqurlarla çıxış edən Abbasov yekunda yarım xalla kifayətlənib. Tərəflər heç-heçəyə razılaşıblar.

3-cü turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Qukeş Dommaraju (Hindistan) – Yan Nepomnyaşi (Rusiya) 0,5:0,5
Əlirza Firuzca (Fransa) – Fabiano Karuana (ABŞ) 0,5:0,5
Vidit Qucrati (Hindistan) – Rameşbabu Praqnanandha (Hindistan) – 0:1

Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2 xal, Vidit və Praqnanandha hərəyə 1,5 xal, Nakamura, Firuzca və Abbasov isə hərəyə 1 xal toplayıblar.

Xatırladaq ki, Nicat Abbasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə qarşılaşmış və heç-heçə etmişdi. Azərbaycan təmsilçisi 2-ci turda Fabiano Karuanaya uduzmuşdu. Nicat növbəti turda qara fiqurlarla Əlirza Firuzca ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə 22:30-da start veriləcək.

Dördüncü turda həmçinin Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: