Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 10-cu turda azərbaycanlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.
Nicat ilk dövrədə sülh bağladığı bu rəqibinə bu dəfə məğlub olub – 0:1.
10-cu turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Rameşbabu Praqnanandha (Hindistan) – Santoş Qucrati Vidit (Hindistan) 0,5:0,5
Yan Nepomnyaşi (FİDE) – Dommaracu Qukeş (Hindistan) 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Əlireza Firuzca (Fransa) 1:0
10 turdan sonra hesabında 3 xal olan Abbasov sonuncu pillədə qərarlaşıb. Digər şahmatçıların turnir cədvəlindəki mövqeyi belədir:
Yan Nepomnyaşi, Dommaracu Qukeş – 6. Fabiano Karuana, Hikaru Nakamura, Rameşbabu Praqnanandha – 5,5. Santoş Qucrati Vidit – 5. Əlireza Firuzca – 3,5. Nicat Abbasov – 3.
Xatırladaq ki, Nicat daha öncə Fabiano Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan) və Rameşbabu Praqnanandhaya (Hindistan) da məğlub olmuşdu. Qələbəsi olmayan şahmatçımız Yan Nepomnyaşi (2 dəfə), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Əlireza Firuzca (Fransa) və Santoş Viditlə (Hindistan) də heç-heçə etmişdi.
Abbasov növbəti görüşünü Fransa təmsilçisi Əlireza Firuzcaya qarşı keçirəcək.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.


