Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 7-ci turda Hindistan təmsilçisi Santoş Qucrati Viditlə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan millimizin üzvü bu rəqibi ilə heç-heçəyə razılaşıb.
7-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Əlireza Firuzca (Fransa) – Dommaracu Qukeş (Hindistan) 1:0
Hikaru Nakamura (ABŞ) – Yan Nepomnyaşi (FIDE) 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Rameşbabu Praqnanandha 0,5:0,5
Yeddi turdan sonra hesabında 2 xal olan Nicat Abbasov sonuncu pillədə qərarlaşıb. Turnir cədvəlinə 4,5 xal toplamış Yan Nepomnyaşi başçılıq edir. Fabiano Karuana, Rameşbabu Praqnanandha və Dommaracu Qukeşin 4 xalı var. Hikaru Nakamura və Santoş Qucrati Vidit 3,5, Əlireza Firuzca isə 2,5 xal toplayıb.
Xatırladaq ki, Nicat Abbasov daha öncə Yan Nepomnyaşi, Hikaru Nakamura və Əlireza Firuzca ilə də heç-heçəyə razılaşmışdı. O, Fabiano Karuana, Dommaracu Qukeş və Rameşbabu Praqnanandha ilə görüşlərdən isə məğlubiyyətlə ayrılıb. Bir sözlə, Abbasov ilk dövrəni qələbəsiz başa vurub.
Şahmatçımız növbəti görüşünü Yan Nepomnyaşiyə qarşı keçirəcək.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.


