Nikola Yurçeviç Livan yığmasında

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç bundan sonra Livan yığmasını çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Livan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qurum bu vaxta qədər yığmaya rəhbərlik edən Aleksandr İliçin istefaya göndərildiyini açıqlayıb. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. İliçi əvəz edəcək Yurçeviçin tezliklə Livana gələrək rəsmi müqaviləyə imza atacağı diqqətə çatdırılıb. Amma 57 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Yurçeviçin yeni komandasındakı debütü oktyabrın 12-də Podqoritsada Monteneqro ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.

Xatırladaq ki, Nikola Yurçeviç sonuncu dəfə 2019-cu ildə Azərbaycan yığmasını çalışdırıb. O, həmin ilin fevralından dekabr ayına qədər milli komandamızı 10 oyuna çıxarıb. Bu görüşlərdə cəmi 1 qələbə qazanmış yığmamız 2 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Yurçeviç millimizdən öncə Zaqreb “Dinamo”sunda baş məşqçi, “Vest Hem”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaş: