Bu yay “Trabzonspor”dan azad agent kimi ayrılan Kot-d’İvuar yığmasının sağ vingeri Nikolas Pepe “Vilyarreal”a keçib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Pepe “Vilyarreal”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Pepe futbola “Paris Est” klubunda qədəm qoyub. Buradan “Puatye”yə yol tapan hücumçu böyük futbolda debüt edib. Pepe karyerası ərzində “Anje”, “Orlean”, “Lill”, “Arsenal”, “Nitsa” və “Trabzonspor”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Pepe “Trabzonspor”un heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Nikolas Pepe 2016-cı ilin noyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 44 oyun keçirib, 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Pepenin qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku və İngiltərə Super Kuboku var. O, həmçinin Kot-d’İvuar yığması ilə Afrika Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı ivuarlı vingerin trasnfer dəyərini 8,50 milyon avro məbləğində qiymətləndirir.

“Trabzonspor”un mərkəz yarımmüdafiəçisi Murat Cem Akpınar da “Sakaryaspor”a keçib. Sözügedən klub 25 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb.
Murat “Trabzonspor”un yetirməsi olsa da, bu klubun əsas komandasında cəmi 13 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. O, “Kocaelispor”, “Girəsunspor”, “1461 Trabzon”, “Hekimoğlu” kimi klublarda da forma geyinib.
Onu da xatırladaq ki, Cem Akpınar vaxtilə Azərbaycanın U-17 yığmasında da oynayıb.
Okay Yokuşlu yenidən “Trabzonspor”da
“Trabzonspor” gedənlərin əvəzində İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən Okay Yokuşlunu heyətinə qatıb. Super Liqa təmsilçisi bu transfer üçün 1,65 milyon avrosundan keçib. 30 yaşlı türkiyəli futbolçu köhnə-yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.
“Karşıyaka” və “Altay”ın yetirməsi sayılan Okay 2011-ci ildə “Kayserispor”a, bundan 4 il sonra isə 2 milyon avro müqabilində “Trabzonspor”a keçib. O, vaxtilə Trabzon klubunda 106 oyuna çıxıb, 10 qol və 7 assistlə yadda qalıb. “Selta”, “Xetafe” kimi İspaniya klublarında da oynamış Okay, “Vest Bromviç”də 105 oyun keçirib, 5 qola imza atıb, 2 məhsuldar ötürmə verib.
Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Okay Yokuşlu, 2015-ci ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 43 oyuna 1 qol vurub.


