Numan Kurdiç rəsmən “Araz-Naxçıvan”da!

Bosniya və Herseqovina milli komandasının mərkəz müdafiəçisi Numan Kurdiç bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Numan Kurdiç bu gün klubun dəvəti ilə Bakıya gəlib. Tibbi müayinədən keçən futbolçu ilə 1 illik müqavilə imzalanıb. Ampluası mərkəz müdafiəçisi olan 24 yaşlı futbolçu karyerası ərzində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib. Müdafiəçi bu komandada cəmi 6 oyuna çıxıb.

Kurdiçin bu gun komandanın Qəbələdəki toplanışına qoşulacağı vurğulanıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Miça Kuzmanoviç kimi legionerləri də heyətinə qatmışdı. Yerli futbolçulardan Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov və Elçin Mustafayevi transfer edən Naxçıvan klubu “Sabah”dan da Abdulla Rzayevi icarəyə götürüb. Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayev isə yeni müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: