Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları iki futbolçu – Pyer-Emerik Obameyanq və Romelu Lukaku üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Marsel “Olimpik”ində çıxış edən Obameyanq Donetsk “Şaxtyor”u ilə səfər oyununda (2:2) qol vurmaqla bu turnirdə ən çox qol vurmuş futbolçuya çevrilib.
O, Avroliqada vurduğu qolların sayını 30-a çatdırıb və rekordçu Radamel Falkaoya çatıb. Pyer-Emerik bu mövsüm daha bir qol vurmağı bacarsa, Avropa Liqası tarixinin mütləq rekordçusuna çevriləcək.
Qeyd edək ki, qabonlu hücumçu karyerası ərzində Avroliqa çərçivəsində 55 oyuna çıxıb. O, bu oyunlarda 30 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə müəllifi də olub.
Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 31 oyuna çıxıb, 15 qol vurub, 7 məhsuldar ötürmə verib.
Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.
Pyer-Emerik 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı Pyer-Emerik Obameyanqı 4 milyon avro məbləğində qiymətləndirir.

“Roma”da icarə əsasında çıxış edən belçikalı hücumçu Romelu Lukaku isə Avroliqanın ən sərrast futbolçularının üçlüyünə daxil olub.
1/16 final mərhələsinin “Feyenoord” – “Roma” oyununda Lukaku “canavarlar”ın cavab qolunu vuraraq, komandasına heç-heçəni təmin edib – 1:1. Bu qol Lukakunun Avroliqa çərçivəsində vurduğu 26-cı qol olub. Beləliklə, belçikalı hücumçu Bilbao “Atletik”inin sabiq hücumçusu Arits Adurisin nəticəsini təkrarlayıb.
Cari mövsümdə Lukaku “Roma”nın heyətində 30 oyunda 16 qol vurub, 2 assist verib.
Romelu hazırda kapitanı olduğu, 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 113 oyun keçirib, 83 qol vurub, 16 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


