Okan Buruk: “Saşa Boeni itirməyimə təəssüflənirəm”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk fransalı sağ cinah müdafiəçi Saşa Boenin “Bayern”ə transferindən danışıb.

Arena.az “Qalatasaray”ın rəsmi saytına istinadən, türkiyəli mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Bu, Türkiyə futbolu tarixində ən böyük satış idi. Biz klubu və onun rəhbərlərini təbrik etməliyik. Saşa həmişə çox çalışırdı. O, futbolçular üçün yaxşı nümunədir. Biz ona layiq olduğunu verməliyik. Bir məşqçi kimi çox vacib oyunçunu itirdiyim üçün təəssüflənirəm. Amma pul “Qalatasaray” üçün böyük büdcə idi. Mən ona uğurlar arzulayıram və “Bayern”də təkmilləşməyə davam etmsini diləyirəm”, deyə Okan Buruk fikrini tamamlayıb.

Xatırladaq ki, yanvarın 28-də “Bayern” fransalı sağ cinah müdafiəçisi Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb.

Transfer “Bayern”ə 30 milyon avro müqabilində başa gəlib. Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Boe “Bayern”də 23 nömrə altında çıxış edəcək.

Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.

Cari mövsümün ilk yarısında Boe “Qalatasaray”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 2 qol vurub.

Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu il mövsümü Fransa Kuboku və “Qalatasaray”la 2022/2023 mövsümü Türkiyə çempionluğu var.

Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Türkiyə futbolunda rekord yeniləndi

Sonda onu da əlavə edək ki, Saşa Boe Türkiyə futbolunun tarixinə düşüb. O, indiyədək Türkiyə təmsilçiləri tərəfindən xarici klublara ən yüksək məbləğə satılan futbolçu olub. “Aslanlar” 23 yaşlı oyunçunun satışından 30 milyon avro qazanaraq “Beşiktaş”ın 2018-ci ildə Cenk Tosunun “Everton”a transferi zamanı imza atdığı rekordu yeniləyiblər.

Türkiyə klublarının ölkə xaricinə ən baha qiymətə satdıqları 10 futbolçunun siyahısı isə belədir:

  1. Saşa Boe (“Qalatasaray”dan “Bayern”ə) – 30 milyon avroya
  2. Cenk Tosun (“Beşiktaş”dan “Everton”a) – 22 milyon
  3. Arda Gülər (“Fənərbaxça”dan “Real”a) – 20 milyon
  4. Kim Min Ce (“Fənərbaxça”dan “Napoli”yə) – 18,05 milyon
  5. Vedat Muriki (“Fənərbaxça”dan “Latsio”ya) – 17,5 milyon
  6. Yusuf Yazıcı (“Trabzonspor”dan “Lill”ə) – 16,5 milyon
  7. Badu Ndiaye (“Qalatasaray”dan “Stok Siti”yə) – 16 milyon
  8. Elif Elmas (“Fənərbaxça”dan “Napoli”yə) – 16 milyon
  9. Mussa Sou (“Fənərbaxça”dan “Əl-Əhli”yə) – 16 milyon
  10. Elvir Baliç (“Fənərbaxça”dan “Real”a) – 15,6 milyon
Xəbəri sosial şəbəkələrdə paylaş: