“Olimpiakos” – “Qarabağ” matçı rumınlara tapşırıldı

Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA Yunanıstanda baş tutacaq bu qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadasına tapşırıb.

Belə ki, matçın baş hakim Radu Petresku olacaq. FIFA referisinə yan xətt hakimləri Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku əyləşəcəklər.

Qeyd edək ki, Radu Petresku daha əvvəl də bir dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib. 42 yaşlı ədalət təmsilçisi 2015-ci ildə Serbiyada “Çukariçki” və “Qəbələ” arasında keçirilmiş Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında iş başında olub.

2012-ci ildən beynəlxalq təyinat alan FIFA referisi meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş hakim kimi iştirak edib. O, sözügedən oyun zamanı “qırmızı-qaralar”dan Vitali Vernidub, Ürfan Abbasov, Rafael Santos, George Floresku və Cavid Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.

Xatırladaq ki, yanvarın 30-da baş tutacaq “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.