Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt”ın baş məşqçisi Oliver Qlasner mövsümün sonunda komandanı tərk edəcək. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, avstriyalı mütəxəssislə bu barədə qarşılıqlı razılıq əldə olunub. Belə ki, tərəflər arasındakı müqavilənin müddəti 2023/2024 mövsümünün sonuna kimi olsa da, qalan bir illik anlaşmadan imtina edilib: “Uzun müddət davam edən görüşlərdən və detallı analizlərdən sonra “Ayntraxt” bu işbirliyinin 2022/2023 mövsümünün sonunda tamamlanmasına qərar verdi”.
Klub rəhbərliyinin bu qərarına komandanın cari mövsümdəki çıxışı səbəb olub. Frankfurt təmsilçisi keçirdiyi 31 oyunda cəmi 43 xal toplaya bilib və 9-ci pillədə qərarlaşıb. Komanda 11 qələbə qazandığı halda, 10 heç-heçə edib və 10 oyunda da məğlub olub.
Oliver Qlasner 2021-ci ilin iyul ayından “Ayntraxt”a rəhbərlik edir. O, bu komandanı indiyə qədər 93 matça çıxarıb. Frankfurtlular bu görüşlərdə 37 qələbə qazanıblar, 28 heç-heçə ediblər və 28 məğlubiyyətə üzülüblər.
48 yaşlı mütəxəssis ilk mövsümündə “Ayntraxt”ı Avropa Liqasının qalibi etmişdi. Nəticədə bu komanda ilk dəfə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanmışdı. Frankfurt klubu UEFA Çempionlar Liqasında 1/16 finala qədər irəliləmiş və İtaliyanın “Napoli” komandasına uduzmuşdu.
Qlasner daha öncə Almaniyada “Volfsburq”a da rəhbərlik edib. Ölkəsində isə o, “Rid” və LASK komandalarını çalışdırıb.


