Onur Bulut rəsmən “Beşiktaş”da!

Futbol üzrə Türkiyə milli komandasının və “Kayserispor” klubunun müdafiəçisi Onur Bulut Super Liqanın digər təmsilçisi “Beşiktaş”a keçib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sağ cinah müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb. Onurun Kayseri təmsilçisi ilə müqaviləsinə birtərəfli qaydada xitam verərək azad agent kimi “Beşiktaş”a keçdiyi iddia olunur. Bu üzdən İstanbul təmsilçisi onun üçün transfer haqqı ödəməyib. Eyni zamanda “Kayserispor” futbolçunun bu addımının hüquqi cəhətdən düzgün olmadığını iddia edərək şikayət etməyə hazırlaşır.

Almaniyada dünyaya göz açmış Onur Bulut “Bohum” klubunun yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. 28 yaşlı futbolçu Almaniyada “Frayburq” və “Ayntraxt”ın (Braunşveyq) da formasını geyinib. 2019-cu ilin yayında isə futbolçu Türkiyənin “Alanyaspor” klubuna keçib. Bu klubda olarkən “Rizəspor”da da icarədə olmuş müdafiəçi, 2021-ci ildən “Kayserispor”da forma geyinirdi. O, bu komandada meydana çıxdığı 64 oyunda 4 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Onur Türkiyə milli komandasında da 1 matç keçirib. O, “Beşiktaş”ın bu qış transfer dönəmində heyətinə qatdığı üçüncü futbolçudur. İstanbul təmsilçisi daha öncə Vensan Abubakar və Amir Hacıahmetoviçlə güclənmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: