Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Trabzonspor” komandasının baş məşqçisi Orhan Ak istefa verib. Arena.az xəbər verir ki, o, ötən gecə Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Ankaragücü” ilə səfər matçından sonra postundan ayrıldığını açıqlayıb.
Komandasının 1:3 hesablı məğlubiyyətə üzüldüyü və kubokda mübarizəni dayandırdığı matçdan sonra baş məşqçi bunları söyləyib:
“Matçdan sonra oyuncularla vidalaşdım. Açıq danışmaq lazımdırsa, bu işi üzərimə götürərkən də könülsüz razılıq vermişdim. Cəmi 3 həftə oldu. Abdullah Avcı istefa etdiyi zaman rəhbərliyə “Hocamızla gəlmişdik, hocamızla getmək istəyirik” dedim. Amma bir ailə olduğumuz üçün rica etdilər, qəbul etməli oldum. Hətta ardından uzun müddət qalıb baş məşqçi kimi çalışmağımı istədilər. Mən də həftəlik olaraq duruma baxılmasının vacib olduğunu söylədim. Mənə çox inandılar. Mən də oyunçulara kömək etməyə çalışdım, tapşırıqdan qaçmaq istəmədim. Çətin olacağını bilirdim. “Trabzonspor” bizə çox şey qazandırdı, istər maddi, istərsə də mənəvi. İndiki məqamda komandadakı problemləri həll edə bilmədiyimiz ortadadır. Qalmağımın doğru olduğunu düşünmədiyim üçün oyunçularla vidalaşdım”.
Xatırladaq ki, bir neçə həftə öncə Abdullah Avcının istefasından sonra müvəqqəti olaraq onun səlahiyyətlərini yerinə yetirən Orhan Ak, bu komandanı cəmi 3 matça çıxarıb. Trabzon təmsilçisi bu görüşlərdə 1 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. Elə ilk oyundakı qələbədən sonra klub rəhbərliyi hətta onu mövsümün sonunadək komandaya baş məşqçi təyin etmişdi. Lakin göründüyü kimi, O da komandanı uğursuz zolaqdan çıxara bilmədiyi üçün postu ilə erkən vidalaşdı. Ak buna qədər komandada köməkçi məşqçi kimi fəaliyyət göstərirdi.
Bu mövsüm Türkiyə Super Liqasında 26 oyun keçirmiş “Trabzonspor” bu oyunlarda 13 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. Ötən mövsüm Super Liqanın qalibi olmuş komanda hazırda 44 xalla 19 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


