Azərbaycan Mini Futbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov bu gün dövlət başçısı İlham Əliyevlə görüşdə Avropa çempionatında qazandıqları uğurla bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, bunları söyləyib:
“Möhtərəm cənab Prezident, icazə verin, federasiyamız, bütün futbolçularımız və məşqçi heyəti adından Sizə dərin təşəkkürümü bildirim. Bu gün bizim üçün çox şərəfli bir gündür. Çünki Siz də doğru qeyd etdiniz, futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğrudan da çox şadıq. Sizi əmin etmək istəyirik ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun.
Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, mini futbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb. Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci ildə artıq həm Dünya Mini Futbol Federasiyasına, həm də Avropa Mini Futbol Federasiyasına üzv seçildik. 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim üçün çox böyük təcrübə oldu.
Bildiyiniz kimi, pandemiya dövründə qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu çempionata hazırlaşırdıq. Bu çempionat başlayanda biz artıq tam hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci oyunumuzu Avropa çempionlarına – Rumıniyaya qarşı uduzduq. Amma sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq.
Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktdır ki, Siz xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırdıq və düşünürdük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə çox minnətdarıq. Doğrudan da bizim üçün çox fəxredici bir gündür. Sizə çox təşəkkür edirik, cənab Prezident”.
Prezident İlham Əliyev: “Sağ ol”.
“Dəmir yumruğu” futbol meydançasında da göstərdik”
Mini Futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev da çıxış edib: “Cənab Prezident, Sizə öz adımdan, komandanın adından dərin təşəkkür edirik ki, Siz bu dəyərli vaxtınızı bizə ayırmısınız. Biz də əlimizdən gələni əsirgəmədik ki, bizə baxan xalqımız sevinsin. Çox sağ olun, çox təşəkkür edirəm”.
Prezident İlham Əliyev: “Sağ ol”.
Komandanın kapitanı, qapıçı Ramil Həsənzadə isə bunları dilə gətirib:
“Cənab Prezident, bu sıx iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. İdmançılara göstərdiyiniz diqqəti biz minifutbolçular da hiss edirik. Bu Avropa çempionatı ərzində kimə desəydilər ki, Azərbaycan çempion olacaq, heç kim inanmazdı. Amma biz döyüşdəki “Dəmir yumruğu” futbol meydançasında da göstərdik. İnşallah, gələcəkdə də iştirak edəcəyimiz bütün yarışlarda Vətənimizi layiqincə təmsil edəcəyik. Çox sağ olun.
Cənab Prezident, bizim Sizə hədiyyələrimiz var, icazə versəydiniz, təqdim edərdik”.
Prezident İlham Əliyev: “Buyurun”.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olunub.


