Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 13-cü turu çərçivəsində səfərdə “Petrokub” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 1:6. Orxan bu görüşün ilk dəqiqələrindən sonadək meydanda olub.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 13 oyunda 14 xal toplayıb və 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


