Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 28-ci turu çərçivəsində səfərdə “Floreşti” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Orxan da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu bununla Moldova çempionatında debüt etmiş olub.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi ötən ay azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 28 oyunda 39 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


