Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının sonuncu – 38-ci turu çərçivəsində səfərdə “Kodru Lozova” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Futbolçumuzun mövsümün son matçında sarı vərəqə ilə (40-cı dəqiqə) də cəzalanıb.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 36 oyunda 48 xal toplayıb və 10 iştirakçı arasında 6-cı yeri tutub. Orxan bu görüşlərdən doqquzunda forma geyinsə də, fərqlənə bilməyib.


