Orxan Qurbanlı oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldovanın “Dinamo-Avto” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Moldova kubokunun 1/8 finalı çərçivəsində “Spartanni” ilə qarşılaşıb.

Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə (3:1) ilə ayrılıb və 1/4 finala vəsiqə qazanıb. Orxan bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: