Cüdo üzrə Azərbaycan milli komandasının keçmiş üzvləri – Orxan Səfərov və Rüstəm Orucov Yaponiyada səfərdədirlər.
Arena.az xəbər verir ki, veteran cüdoçularımızın hər ikisi məşqçilik sənətini dərindən öyrənmək üçün sözügedən ölkəyə üz tutublar.
Avropa çempionu, dünya çempionatının mükafatçısı olmuş O.Səfərov “NPO Hiratsuka Kanagava” ictimai birliyinin təşkilatçılığı ilə beynəlxalq məşqçilik seminarında iştirak edir. Tokay Universiteti və Kodokan Yaponiya Cüdo Mərkəzinin dəstəyi ilə keçirilən seminar Yaponiyanın zəngin mədəniyyəti haqqında öyrənmək, kütləvi mübadilə yolu ilə cüdo haqqında məlumat əldə etmək və məşqçilik sənətini dərindən öyrənmək məqsədi daşıyır.
Seminarın proqramına yeni başlayanlardan qabaqcıl səviyyələrə qədər əhatə olunan cüdo məşq texnikalarını öyrənmək, onların müxtəlif auditoriyaya effektiv şəkildə çatdırmaq üçün vasitələrin əldə edilməsi daxildir. Tədrisə həmçinin Kodokan standartlarına uyğun beynəlxalq hakimlik qaydaları, Yaponiyanın universitet tələbələri ilə birlikdə xüsusi cüdo təlimi, “Nage no Kata” və reabilitasiya məşqləri daxildir. Bundan əlavə, proqram məşq texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının və müxtəlif yaş qruplarına uyğun məşqçilik proqramlarının hazırlanmasını da əhatə edir.
Orxan Səfərov bu seminarla bağlı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bu proqram uşaq və yeniyetmələrdən tutmuş gənclərə və böyüklərə qədər hər kəsə peşəkar cüdo məşqi keçmək üçün geniş biliklər qazandırır. Proqram çərçivəsində, biz Yaponiyanın ən məşhur cüdo məktəblərində dərslərdə iştirak edirik. Həmçinin, noyabrın əvvəlində təşkilatçılıq prosesini izləmək üçün Yaponiyanın ən nüfuzlu yarışı olan “Kodokan Cup” yarışına qatılacağıq. Əminliklə deyə bilərəm ki, burada qazandığım təcrübə gələcəkdə peşəkar məşqçi kimi fəaliyyət göstərməyimə böyük kömək olacaq”.
“İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm”
2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı R.Orucov isə Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir. Təlimin əsas məqsədi məşqçilik sənətini dərindən öyrənməkdir.
Qeyd edək ki, Yaponiya millisinin birinci komandasının üzvləri də burada məşq edirlər. Təlim proqramının əsas məqsədi təlim texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.
Rüstəm Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub.
O, Yaponiyadakı təlimlərlə bağlı federasiyanın mətbuat xidmətinə bunları söyləyib:
“Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”.
Qeyd edək ki, təlim noyabrın 7-nə qədər davam edəcək.



