Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 6-cı turu çərçivəsində baş tutan “Maastrixt”lə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 5:0 hesablı qələbə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının 4-cü qolunu da məhz Ozan vurub. O, meydan tərk etməzdən cəmi 1 dəqiqə əvvəl – 72-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bununla da yarımmüdafiəçi ardıcıl 3-cü dəfə fərqlənməyə nail olub. O, bundan əvvəlki oyunlarda da qol vurmuşdu.
“Eyndhoven” 6 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


