Futbol üzrə Niderland milli komandasının sol cinah müdafiəçisi Patrik van Anholt Türkiyənin “Qalatasaray” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu icarə əsasında PSV-yə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Müdafiəçinin bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.
Patrik Van Anholt 2021-ci ilin iyul ayında azad agent kimi “Qalatasaray”la 3 illik müqavilə bağlamışdı. O, İstanbul təmsilçisində 62 oyun keçirib və bu matçlarda 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub. Patrik əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də forma geyinib. Futbolçu Niderland yığmasında da 19 oyun keçirib.
“Qalatasaray” hücumçusu Haris Seferoviçlə də yollarını ayırıb. İsveçrədən olan 30 yaşlı futbolçu ilə icarə müqaviləsinə xitam verilib. O, 2022-ci ilin iyul ayında Portuqaliyanın “Benfika” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülmüşdü. Amma “Qalatasaray”da yarım mövsümə 13 oyun keçirən və cəmi 2 qolla yadda qalan futbolçu ümidləri doğrultmayıb. Bu üzdən də klub mövsümün sonunu gözləmədən onunla vidalaşıb.
Haris Seferoviç 2017-ci ildən “Benfika”da çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 188 matça çıxıb, 74 qol vurub. Təcrübəli hücumçu əvvəllər “Qrasshopper”, “Fiorentina”, “Ksamaks”, “Leççe”, “Novara”, “Real Sosyedad” və “Ayntraxt” kimi klubların da formasını geyinib. İsveçrə yığmasında 92 oyun keçirmiş futbolçu, 25 qol vurub. Artıq hücumçunun yeni klubu da məlumdur. Seferoviç icarə əsasında İspaniyanın “Selta” klubuna keçib.
“Qalatasaray” gənc futbolçusu Metehan Baltacı ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə yeni sözləşmə 2025/26 mövsümünün sonunadək nəzərdə tutulub. Amma İstanbul təmsilçisi yeni müqavilə bağladıqdan sonra onu “Manisa” klubuna icarəyə göndərib.
20 yaşlı futbolçu “Qalatasaray”ın öz yetirməsidir. O, daha öncə “İskenderunspor”da da icarədə oynayıb. Gənc futbolçu mövsüm əsas komandanın heyətində 2 matça çıxıb.


