Paulo Fonseka getdi, “Lill” yeni baş məşqçisini açıqladı

Portuqaliyalı futbol mütəxəssisi Paulo Fonseka Fransa Liqa 1-də mübarizə aparan “Lill” komandasının baş məşqçi postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 51 yaşlı mütəxəssislə müqavilənin müddəti bitdiyi üçün o, postundan ayrılıb. Fransa və İtaliya mətbuatının iddiasına görə, portuqaliyalı məşqçinin “Lill”dən ayrılmasına onun “Milan”dan aldığı təklif səbəb olub. Fonsekanın İtaliya klubunun baş məşqçi postundan ayrılmış Stefano Piolini əvəzləməsi gözlənilir.

Xatırladaq ki, Fonseka 2022-ci ilin iyul ayından “Lill”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 90 oyuna çıxarıb, 45 qələbə, 26 heç-heçə, 19 məğlubiyyət görüb.

“Lill” Fonsekanın rəhbərliyi altında geridə qalmış 2023/2024 mövsümündə Liqa 1-i 59 xalla 4-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.

Xatırladaq ki, Paulo Fonseka daha öncə İtaliyada “Roma”nı da çalışdırıb. Portuqaliyalı mütəxəssis karyerası ərzində “Şaxtyor” (Donetsk), “Braqa”, “Pasuş de Ferreyra”, “Portu” və “Aves” kimi komandalara da rəhbərlik edib.

Yeri gəlmişkən, “Lill”in yeni baş məşqçisi də məlumdur. Klub rəsmi saytı vasitəsilə Fonsekanı Bruno Genesionun əvəz edəcəyini açıqlayıb. 57 yaşlı fransız mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Bruno Genesio karyerası ərzində “Vilfranş”, “Rasinq” (Bezanson), “Olimpik” (Lion), “Beytsin Qoan” kimi klublarda da baş məşqçi kimi çalışıb. Onun sonuncu iş yeri 2021-2023-cü illər aralığında çalışdırdığı “Renn” komandası olub. Fransalı mütəxəssis 2023-cü ilin noyabrında “Renn”dən ayrılandan bəri işsiz idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: