Pedro Enrike Türkiyədə klubunu dəyişdi

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyədə klubunu dəyişib. Arena.az xəbər verir ki, son 2 mövsümü “Kayserispor”da keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi bundan sonra Super Liqanın digər təmsilçisi “Sivasspor”da çıxış edəcək.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. 31 yaşlı vinger yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Pedro Enrike 2017/18 mövsümündə Yunanıstan PAOK-unda olarkən “Qarabağ”a icarəyə verilib. O, Ağdam təmsilçisinin Bakıda İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzduğu matçda fərqlənməklə, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçuya çevrilib. Futbolçu Azərbaycan klubunun heyətində meydana çıxdığı 26 oyunda 6 qolla yadda qalıb.

Braziliyanın “Qremio” klubunun yetirməsi olan Enrike, karyerası ərzində “Avenido”, “Kaşias”, “Sürix”, “Renn”, “Astana” kimi klublarda da forma geyinib. Karyerası ərzində bütövlükdə 295 matça çıxmış futbolçu, 57 qol vurub, 31 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: