UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Antverpen”lə ev oyunu “Portu”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “H” qrupunun 4-cü turunda “Portu” “Draqao” stadionunda “Antverpen”i 2:0 hesabı ilə məğlub edib.
“Əjdahalar”ın ikinci qolunu “Portu”nun portuqal mərkəz müdafiəçisi vurub. Beləliklə, Pepe Çempionlar Liqası tarixinin ən yaşlı qolçusu olub. O, 40 yaş 254 günlüyündə fərqlənib.
Xatırladaq ki, təcrübəli futbolçu ötən turda “Antverpen”lə oyunda 40 yaş 241 günlüyündə əsas heyətdə meydana çıxmaqla, Avropanın ən nüfuzlu klub turniri tarixində ən yaşlı meydan oyunçusu adına da sahib olmuşdu.
4 turdan sonra “Portu” 9 xalla “H” qrupunda 2-ci yerdə, xalsız “Antverpen” isə sonuncu yerdədir. “Barselona” 9 xalla liderdir. 4-cü turda kataloniyalıları 1:0 hesabı ilə məğlub etmiş Donetsk “Şaxtyor”u isə 6 xalla 3-cü yerdə qərarlaşıb.
Çempionlar Liqasının növbəti turunda “Portu” səfərdə “Barselona” ilə qarşılaşacaq.
Pepe əslən braziliyalıdır, “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulub. Tərəflər arasında müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var. Onun karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır. Cari mövsümdə futbolçu “Portu”nun heyətində 8 oyuna 1 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 134 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 40 yaşlı Pepeni 1 milyon avro məbləğində qiymətləndirir.


