1-ci Liqaya vəsiqə uğrunda bu mövsüm 1-ci Liqada 9-cu olmuş klubla 2-ci Liqada 2-ci olmuş komanda arasında pley-off oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bu pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də gerçəkləşəcək.
Xatırladaq ki, 1-ci Liqanı 27 xalla 8-ci pillədə başa vurmuş “İrəvan” komandası yarışdan kənarlaşdırıla bilər. PFL-in bu gün yaydığı açıqlama da məhz bununla bağlıdır. Çünki qurum daha öncə bu oyunlarla əlaqədar mayın 25-də saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcəyini açıqlamışdı. Həmin gün pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaqdı.
Qeyd edək ki, İkinci Liqada bu mövsüm ikinci yeri 58 xal toplamış “Cəbrayıl” komandası tutub. Normal şərtlər altında pley-off görüşündə də “İrəvan” və “Cəbrayıl” komandaları qarşılaşmalı idilər.


