PFL “Qusar” komandasını çempionatdan kənarlaşdırdı

Peşəkar Futbol Liqası (PFL) İkinci Liqada çıxış etməli olan “Qusar” komandasının çempionatdan kənarlaşdırılması barədə qərar qəbul edib.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Qurumun yaydığı məlumata görə, İkinci Liqada 2025/2026-cı illər mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib. Turnir 12 komandanın iştirakı ilə keçiriləcək.

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/2026-cı illər mövsümündə iştirakını təsdiqləmədiyinə görə çempionatdan kənarlaşdırılıb. Eyni zamanda, İkinci Liqanın 2024/2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı İkinci Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

PFL AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların İkinci Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/2026 mövsümündə İkinci Liqada yarışın qalibi birbaşa Birinci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə Birinci Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa İkinci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.

2025/2026-cı illər mövsümündə İkinci Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

O da vurğulanıb ki, İkinci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, İkinci Liqada 2025/2026-cı illər mövsümü sentyabrın 6-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: