Piter Krauç 42 yaşında yaşıl meydanlara qayıda bilər

İngiltərə yığmasının sabiq hücumçusu, ələlxüsus iki metrdən hündür boyu ilə tanınmış Piter Krauç karyerasını 42 yaşında bərpa edə bilər.

Arena.az məlumat verir ki, İngiltərə Birinci Liqasında çıxış edən “Börton Albion” klubunun sosial şəbəkələrində, keçmiş hücumçunun əlində soyadı yazılmış köynəklə şəkli yayılıb.

Şəkil “Möhtəşəm dönüş. 09.10.23” yazısı ilə şərh edilib.

Xatırladaq ki, Piter Krauç futbolçu karyerasını 2019-cu ildə başa vurub. Krauç çoxlu komandalarda çıxışı ilə diqqət çəkib. Hücumçu peşəkar böyük futbola 1998-ci ildə “Tottenhem”lə qədəm qoyub. Ardınca Piter “Dulviç Hamlet”, “İFK Həssleholm”, KPR, “Portsmut”, “Aston Villa”, “Norviç Siti”, “Sauthempton”, “Liverpul”, “Portsmut”, “Tottenhem”, “Stok Siti”, “Börnli” marşrutu üzrə karyera yolu keçib.

Krauç karyerası ərzində 720 oyuna çıxıb, 199 qol vurub, 81 məhsuldar ötürmə verib. Maraqlıdır ki, Krauçun uzun illər bunca komandalarda çıxışına rəğmən, Piter futbolda cəmi ikicə qənimət qazana bilib. Hücumçu “Liverpul”la 2006 İngiltərə Kubokunun və 2007 İngiltərə Super Kubokunun qalibi olub.
Krauç 2005-ci ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 42 oyun keçirib, 22 qol vurub, 4 məhsuldar ötürmə verib.

Futbolçunun yaşıl meydanlara qayıdacağı xəbərindən məmnun olmuş azarkeşlərin olduğu da bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: