Pol Onuaçu “Qalatasaray”la oyunu buraxa bilər

Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Pol Onuaçu Afrika Millətlər Kuboku üçün Nigeriya millisinin geniş heyətinə çağırılıb.

Arena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 nəfərlik siyahıda özünə yer tapan 29 yaşlı mərkəz hücumçusu son 25 nəfərlik heyətə seçilsə, Trabzon təmsilçisinin Super Liqadakı ən azı 3 matçında meydana çıxa bilməyəcək.

Onuaçu yekun heyətə dəvət alarsa, “Trabzonspor” – “Qalatasaray” matçında forma geyinə bilməyəcək. Nigeriyalı hücumçunun “Beşiktaş”la matçı buraxması da mümkündür.

Afrika Millətlər Kuboku 2024-cü ilin 13 yanvar – 11 fevral aralığında keçiriləcək. Onuaçu yanvarın 22-nə qədər davam edəcək qrup matçları səbəbindən “Antalyaspor”, “Qalatasaray” və “Rizəspor” matçlarını buraxacaq. Əgər komandası ilə qrupdan çıxarsa və finala kimi gedərsə, bu zaman nigeriyalı futbolçu “Kasımpaşa”, “Beşiktaş” və “Hatayspor”la matçlarda da iştirak etməyəcək.

Müqavilə ilə İngiltərənin “Sauthempton” klubuna məxsus olan Pol Onuaçu bu ilin sentyabr ayında icarə əsasında “Trabzonspor”a keçib. 29 yaşlı forvard indiyə qədər Trabzon təmsilçisində 12 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, “Sauthempton”dan öncə “Midtyulland”, “Genk”, “Veyle” kimi klubların da formasını geyinib.

Onuaçu Nigeriya yığmasında 2019-cu ilin mart ayında debüt edib. Təcrübəli hücumçu ölkəsinin milli komandasında bütövlükdə 19 matça çıxıb. O, bu oyunlarda 3 qol vurub.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: