“Pontiprid Yunayted” 18 qayda pozdu, 141 xalı silindi

Uelsin “Pontiprid Yunayted” klubu heyətinə qatdığı futbolçuların müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün sərt cəzalandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Sözügedən klub oyunçularına maaş verməməkdə və müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahkar bilinib.

2022/23 mövsümündən etibarən uyğunsuz oyunçuları oynatmaqda, maaşları ödəməməkdə və qeydiyyat qaydalarına düzgün əməl etməməkdə günahkar bilinən klub bütün bunlara görə ertələnməli 141 xal silmə cəzası alıb. Bu mövsüm üçün 6 xalın silinəcəyi açıqlansa da, pozuntunun 2024/25 mövsümünün sonuna qədər təkrarlanacağı təqdirdə 135 ballıq cəzanın da qüvvəyə minəcəyi bildirilib.

Federasiyanın açıqlamasında bildirilir ki, sözügedən kluba qarşı təhqiqat, oyunçuların müqavilə pozuntularından şikayət etməsindən sonra başlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, “Pontiprid Yunayted” bütövlükdə 18 qayda pozuntusuna yol verib.

Pontiprid təmsilçisi artıq Uels Kubokundan kənarlaşdırılıb. Amma komandanın ölkə çempionatında çıxışını davam etdirməsinə icazə verilib. Sözügedən komanda 6 xalı silindikdən sonra hazırda 7 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: