Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan milli komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xatırladaq ki, minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunmuş dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabıyla məğlub edərək çempion olub.


