Fransanın “Lans” klubunun polşalı yarımmüdafiəçisi Pşemıslav Frankovski bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
İstanbul nəhəngi 29 yaşlı oyunçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Qalatasaray” polşalı yarımmüdafiəçinin yarım mövsümlük icarəsi üçün “Lans”a 1 milyon avro ödəyib. Pşemıslav Frankovskinin özünə isə yaya kimi 900 min avro ödəniləcək.
Futbolçunun transfer hüquqlarının alınması üçün mövsümün sonunda Fransa klubuna 7 milyon avro ödəmək lazım gələcək. Belə olan halda Frankovskiyə ödəniləcək məvacibin məbləği də indidən razılaşdırılıb. Belə ki, tərəflər 3 illik müqaviləyə imza atacaqlar və yarımmüdafiəçi hər ilinə 1,7 milyon avro gəlir əldə edəcək.
Pşemıslav Frankovski Polşanın “Lexiya” klubunun yetirməsidir. Ölkəsində “Yagelloniya”nın da şərəfini qorumuş futbolçu 2019-2021-ci illər aralığında Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Çikaqo Fayr”ın formasını geyinib. O, 2021-ci ildən çıxış etdiyi “Lans”ın heyətində 141 oyuna çıxıb, 20 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Pşemıslav Frankovski, 2018-ci ilin martında debüt etdiyi əsas millidə 47 oyuna 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Pşemıslav Frankovskini “Qalatasaray”a göndərmiş “Lans” da heyətinə yeni futbolçu cəlb edib. Fransa klubu Bosniya və Herseqovinanın “Sarayevo” komandasında çıxış edən mərkəz müdafiəçisi Nidal Çeliki transfer edib. Liqa 1 təmsilçisi bu keçidə görə “Sarayevo”ya 2,5 milyon avro ödəyib. 18 yaşlı bosniyalı müdafiəçi ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
“Sarayevo”nun yetirməsi olan Nidal Çelik bu klubun əsas komandasında 30 oyuna 2 məhsuldar ötürmə müəllifi olub. O, Bosniya və Herseqovinanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.


