PSJ 19 yaşlı vinger üçün 50 milyon avro ödədi

Fransa nəhəngi PSJ fransalı sol vinger Dezire Dueni “Renn”dən tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb.

Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid PSJ-yə 50 milyon avro məbləğində başa gəlib. Due Fransa nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Dezire Due “Renn”in yetirməsidir. Due bütün karyerası ərzində “Renn”in heyətində 76 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Due Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb. O, Fransanın U-17 yığması ilə Avropa çempionatının (2022) qalibi olub.

Dezire Dueni satan “Renn” heyətinə iki yeni futbolçu da cəlb edib. Sözügedən klub Danimarka “Sarpsborq”unun hücumçusu Henrik Meysteri 7 milyon avro qarşılığında heyətinə qatıb. Danimarkalı 20 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Henrik Meyster daha öncə ölkəsində “FA 2000” və “Fremad Amager” klublarının da formasını geyinib. O, ötən mövsümün əvvəlindən uğurları üçün çalışdığı “Sarpsborq”da 25 oyuna 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Renn” Amerika Birləşmiş Ştatlarının “Real Solt Leyk” klubunun sağ vingeri Karlos Andres Qomesi də transfer edib. Fransa klubu bu transferə görə MLS təmsilçisinə 10 milyon avro ödəyib. 21 yaşlı kolumbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Andres Qomes Kolumbiyanın “Millonarios” klubunun yetirməsidir. O, yetirməsi olduğu klubun heyətində 57 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Solt Leyk”də isə hücumçu 65 oyuna 15 qol və 15 assist müəllifi olub. Ötən ildən Kolumbiya yığmasına da dəvət alan “Renn”in yeni transferi, 2 oyuna 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: