Pyer-Emerik Obameyanq – Avroliqa tarixinin ən sərrast futbolçusu!

Avropa Liqası 1/16 finalında “Şaxtyor”a qarşı oyun Marsel “Olimpik”inin qabonlu mərkəz hücumçusu Pyer-Emerik Obameyanq üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, evdə “Olimpik”in Donetsk “Saxtyor”unu 3:1 hesabı ilə məğlub etdiyi cavab oyununda (ilk oyun: 2:2) Obameyanq komandasının qollarından birini vurub.

Beləliklə qabonlu hücumçu Avropa Liqasının tarixi ərzində ən sərrast futbolçuya çevrilib. Hazırda Obameyanqın hesabında 31 qol var. Qabonlu hücumçu “Portu” və Madrid “Atletiko”sunun kolumbiyalı sabiq mərkəz hücumçu Radamel Falkaonun göstəricisini (30 qol) üstələyib.

Obameyanq Avropa Liqası çərçivəsində 56 oyunda meydana çıxıb vurduğu 31 qoldan 14-nü “Arsenal”ın, 8-ni Dortmund “Borussiya”sının, 2-ni “Barselona”nın və 7-ni Marsel “Olimpik”inin heyətində çerçəkləşdirib. Obameyanqın hesabında həmçinin 7 məhsuldar ötürmə var.

Qabonlu futbolçu öz nailiyyətini fərəhlə şərh edib:

“Bu yarışın bombardiri olduğum üçün çox, çox şadam. Ümidvaram ki, bununla bitməyəcəyəm, həm də birinci qalmaq üçün təkrar-təkrar qollar vura biləcəyəm!” – UEFA-nın mətbuat xidməti Obameyanqdan sitat gətirir.

Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.

Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 33 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Pyer-Emerik 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.

“Transfermarkt” internet-portalı 34 yaşlı qabonlu mərkəz hücumçusu Pyer-Emerik Obameyanqın transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: