Pyer Zebli əff olundu – AFFA “Zirə”nin şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı “Zirə” klubunun apellyasiya şikayətini qismən təmin edib.

Arena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq ediləcək.

Ona üç ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. Paytaxt təmsilçisinin 1500 manat məbləğində cərimələnməsi qərarı qüvvədə saxlanılıb.

Bildirilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Xatırladaq ki, Pyer Zebli Premyer Liqasının 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən 2 oyun cəzalanmışdı. “Zirə” klubu buna görə 1500 manat cərimə edilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: