Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” komandası tarixində 850-ci qoluna imza atıb. Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yubiley Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib. “Səbail”in qonağı olan “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə topuna, həm də klub tarixinin bütün turnirlər nəzərə alınmaqla 850-ci qoluna İsnik Alimi imza atıb.
2005-ci ildə peşəkar klub kimi fəaliyyətə başlayan “Qəbələ” bu yubileyi 648-ci matçında gerçəkləşdirib. Komandanın ilk qolu 2005-ci il sentyabrın 21-də birinci dəstənin “Şərur”la ev matçında (8:0) vurulub. 23-cü dəqiqədə rəqib futbolçu İlqar İbrahimov avtoqol müəllifi olub.
İsnik Aliminin “ASCO Arena”da dəqiq yerinə yetirdiyi penalti həm də Azərbaycan kubokunda 50-ci səfər qoludur. Bu, rəqib meydanındakı 35-ci görüşə təsadüf edib.
Bu turnirdə ilk səfər qolu 2005-ci il oktyabrın 15-də qeydə alınıb. MOİK-lə qarşılaşmada (4:0) İbrahim Hüseynov fərqlənib.
“Səbail”ə vurulan top şimali makedoniyalı legionerin Azərbaycan təmsilçisinin formasında 20-ci qolu olub. O, 68-ci matçında bu rəqəmə çatıb. Alimi klub tarixinə 20 və daha çox top vuran 9-cu futbolçu kimi düşüb. “5 nömrə” ilk dəfə 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər görüşündə (2:2) rəqib qapısına yol tapıb. Yarımmüdafiəçi 67-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.
Xatırladaq ki, İsnik Alimi 2021-ci ilin iyul ayında İtaliyanın “Atalanta” klubundan ayrılaraq “Qəbələ” ilə müqavilə bağlayıb. Albaniyalı futbolçu bu komandanın heyətində 68 oyunda meydana çıxıb. 29 yaşlı yarımüdafiəçi bu görüşlərdə 20 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.


