Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk etmiş “Qəbələ”nin 2024/2025 mövsümünə hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.
Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, “Qəbələ” növbəti mövsümdə Birinci Liqada mübarizə aparacaq. Birinci Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.
Yeri gəlmişkən, “Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.
2023/2024 mövsümündə U-19-a rəhbərlik etmiş mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb. “Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb.
“Qəbələ” İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.



