Qabriel Jezus Braziliya millisində qol susqunluğuna şərh verdi

“Arsenal”ın braziliyalı mərkəz hücumçusu Qabriel Jezus özünün millidəki uzun sürən qolsuzluq silsiləsindən danışıb.

Arena.az “Terra” dərgisinə istinadən Jezusun bu barədə fikirlərini təqdim edir:

“Mənim idarə edə bilmədiyim şeylər var. Məşq edirəm, qol vurmağa, hərəkət etməyə, komandaya kömək etməyə çalışıram. Qollar gec-tez gələcəklər, bu qaçılmazdır. Düşünürəm ki, bu, mənim güclü tərəfim deyil, amma qol vurmağı bilirəm və bunun üçün buradayam. Bu, baş verəcək. Sakitcə işimə davam edirəm. Mən tənqidə cavab verənlərdən deyiləm, təriflərə də sevinənlərdən deyiləm. Əvvəllər belə idi, amma indi yox”, deyə Jezus təmkinlə bildirib.

Xarırladaq ki, Jezus sonuncu dəfə milli komandanın heyətində rəsmi oyunda 2019-cu ilin iyulunda Peru ilə Amerika Kubokunun final oyununda (3:1) qol vurmuşdu. O vaxtdan bəri Qabriel Jezus Braziliya millisinin heyətində cəmi 1 qol vurub. “Qabbi” 2022-ci ilin iyununda Cənubi Koreya yığması ilə yoldaşlıq oyununda (5:1) fərqlənib.

Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,20 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. “Qabbi”nin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Jezus komandasının heyətində 11 oyuna 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Qabriel Jezusu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: