Türkiyənin “Qalatasaray” klubu Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyununa görə Azərbaycana təşəkkür məktubu ünvanlayıb. Arena.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbəkin adından yazılmış məktub klubun “Twitter” hesabı vasitəsilə yayımlanıb.
Təşəkkür məktubunda bunlar qeyd olunub:
“Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”a qarşı keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşğulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram.
Hörmətlə, Dursun Özbək”.
Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Matçın 4-cü dəqiqəsində Türkiyə təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində Ağdam təmsilçisinin albaniyalı hücumçusu Redon Cica hesabı bərabərləşdirib. “Sarı-qırmızılar” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, xeyriyyə matçı Türkiyə nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısı qısa müddətdə satılmışdı. Bundan başqa, teleyayım və reklam gəlirlərinin də hamısı qardaş ölkəyə göndəriləcək.



