Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Qara Qarayev uzun illərdir formasını geyindiyi “Qarabağ”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu yetirməsi olduğu komandanı azad agent kimi tərk edib. Onun “Neftçi”yə keçidi gözlənilir.
Xatırladaq ki, Qara Qarayev “Qarabağ”ın öz yetirməsidir. O, 2008-ci ildən bəri Ağdam klubunun əsas komandasında çıxış edirdi. Təcrübəli futbolçu bu komandada 442 matça çıxıb. O, bu oyunlarda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Qarayevin Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı. Tərəflər əməkdaşlığı davam etdirmək istəmədikləri üçün ayrılıblar.
Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 76 oyun keçirib.
Qarayev sosial şəbəkə hesabında Ağdam klubundan ayrılması ilə əlaqədar vida sözlərini də paylaşıb. O, bunları qeyd edib:
“18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim.
İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz.
Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı “Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq”.


