Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu Ağdamın “Qarabağ” komandası olub.
Arena.az xəbər verir ki, buna 17-ci turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub.
Bakı klubunun məğlubiyyətindən sonra Ağdam təmsilçisinin qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun komandası ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır.
Bununla da “Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022 və 2022/2023 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb. Bununla da sözügedən komanda yeni rekorda imza atıb.
“Neftçi” 9 (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), “Kəpəz” (1993/1994, 1997/1998, 1998/1999) və “Şamaxı” (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç dəfə belə uğura imza atıb. “Xəzri” (1995/1996), “Şəmkir” (1999/2000), “Karvan” (2005/2006), “Xəzər Lənkəran” (2006/2007) və “Şüvəlan”ın (2007/2008) isə bir belə uğuru var.
Xatırladaq ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.
Qeyd edək ki, Premyer Liqamızın hazırkı lideri hələ 17-ci turu başa vurmayıb. Qurban Qurbanovun yetirmələri sabah turun son matçında əzəli rəqib “Neftçi” ilə üz-üzə gələcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan derbisinə saat 20:00-da start veriləcək.
“Qarabağ”ın hazırda 35 xalı var. Qeyri-sabit çıxışı ilə diqqət çəkən “Neftçi” isə 25 xalla 5-ci sırada qərarlaşıb. Liderin əsas izləyicilərindən “Zirə”nin 29, “Səbail” və “Araz-Naxçıvan”ın isə 26 xalı var.


