Avropa Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Braqa” oyununun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, UEFA Azərbaycan və Portuqaliya təmsilçilərinin Bakıda baş tutacaq cavab qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadasına həvalə edib.
Oyunun baş hakimi FIFA referisi Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
Qeyd edək ki, Georgi Kabakov Azərbaycan futbolsevərləri üçün tanış simadır. FIFA referisi karyerası ərzində 5-ci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb. Maraqlıdır ki, dörd görüşün hər biri Azərbaycan komandalarının səfər qarşılaşmasına təsadüf edib. Bolqar hakim bunun 3-də baş hakim, 1-də isə ehtiyat hakim kimi fəaliyyət göstərib.
Kabakovun təmsilçilərimizlə ilk tanışlığı 2013-cü ildə gerçəkləşib. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda Kabakov ehtiyat hakim olub.
O, 2019-cu ilin martında əsas yığmamızın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. Zaqrebdə baş tutan AÇ-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Hazırda “Qarabağ”ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb.
Georgi Kabakov iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə iş başında olub. Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. Qurban Qurbanovun kollektivi 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabı ilə qalib gələrək, yoluna davam edib. Qələbə qoluna 57-ci dəqiqədə Reynaldo imza atıb.
Kabakovun “Qarabağ”la yolu cari mövsüm Avropa Liqasının pley-offunda da kəsişib. Təmsilçimiz Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə üstələyərək, qrup mərhələsinə adlayıb. Kevin Medina və Leandro Andrade birinci hissədə fərqləniblər. Ağdam təmsilçisinin heyətində Julio Romao isə sarı vərəqə alıb.
Ümumiyyətlə, 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.
Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbəyə (4:2) imza atıb.
Avropa Liqası
Pley-offun cavab oyunu
22 fevral
“Qarabağ” – “Braqa”
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)


