“Qarabağ” ÇL-in pley-offunda “Ferentsvaroş”la qarşılaşacaq!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdırmış “Ferentsvaroş” (Macarıstan) ÇL-in Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.

Bu komandalar arasında Bolqarıstanda keçirilmiş ilk oyunda qapılara qol vurulmamışdı. Macarıstanda baş tutmuş cavab görüşündə isə “Ferentsvaroş” 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Azərbaycan və Macarıstan çempionları arasında ilk oyun avqustun 19-da Budapeştdə keçiriləcək. Həmin görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab qarşılaşması isə ayın 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.

Xatırladaq ki, “Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqibdir. Ağdam klubu bu komanda ilə bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Ferentsvaroş”a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlmişdi.

“Qarabağ” bu mövsüm ÇL-in 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gəlib – səfərdə 1:0, evdə 5:1. Azərbaycan çempionu ondan əvvəl də İrlandiya çempionu “Şelburn”u səfərdə 3:0, evdə 1:0 hesabıyla məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: