“Qarabağ” bu gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı İsveçin “Hakken” komandasını səfərdə 1:0 hesabıyla məğlub etdi.
Azərbaycan çempionu bu qələbə nəticəsində ölkə reytinqinə 0,500 bal yazdırıb.
Hazırda Azərbaycanın cari mövsümdəki qazancı 3.625 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklar təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 2,500 xalı isə məhz “Qarabağ” əldə edib.
Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17.875-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Bolqarıstan ilə Slovakiya 18.375 reytinq xalına malikdirlər. Azərbaycanı isə Moldova (12,875) izləyir.
Ötən gecə baş tutan qarşılaşmalar Çexiya, Ukrayna, Kipr, Slovakiya, Kosovo, Finlandiya, Farer adalarının irəliləməsinə şərait yaradıb. Norveç, İsrail, İsveç, Rumıniya, Bolqarıstan, İrlandiya, Qazaxıstan, Ermənistan, Latviya, Bosniya və Herseqovina isə geriləyiblər.
Reytinq cədvəlinə İngiltərə (91,678) başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,909) dördüncü, Fransa (54,831) isə altıncıdır. Niderland 56,500 xalla beşinci sıradadır. Türkiyə isə 34,850 balla 9-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırırdı. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 xal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


