“Qarabağ” Polşaya, “Sabah” Latviyaya yollandı

UEFA Çempionlar Liqasının 2 təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Bu gün ağdamlıların “Mieyski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bu komandalar arasında avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçının start fiti isə saat 20:00-da səslənəcək.

Bu gün Avropa Konfrans Liqasındakı təmsilçimiz “Sabah” da RFS ilə səfər oyunu üçün Latviyaya yollanıb. Axşam saatlarında komandamızın baş məşqçisi Murad Musayevin Riqada mətbuat konfransı baş tutacaq. Ardından isə komandamız matçın keçiriləcəyi “LNK Sporta Parks” stadionunda son məşqə çıxacaq.

Sabah keçiriləcək RFS – “Sabah” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasında bir həftə sonra – avqustun 3-də Masazırda keçiriləcək matçın da start fiti saat 20:00-da səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: