“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşdığı Portuqaliyanın “Braqa” komandası ilə səfər oyununda 4:2 hesablı qələbəyə imza atıb.
Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə yarım (0,500) xal əlavə edilib.
Nəticədə ölkəmizin cari mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Bununla Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər iki ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.
Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 4,250 xalı isə məhz “Qarabağ” əldə edib.
Reytinq cədvəlinə yenə İngiltərə (100,803) başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (81,195) dördüncü, Fransa (62,831) isə beşinci sıradadır. Türkiyə 37,600 balla 9-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


