“Qarabağ” – “Rakuv” matçı azarkeş sayına görə ikinci oldu

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” və “Rakuv” arasında baş tutan cavab oyunu azarkeş sayına görə ikinci olub.

Arena.az xəbər verir ki, ötən gecə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Bununla da iki gün ərzində keçirilmiş bütün cavab oyunlarını tribunalardan izləmiş azarkeşlərin sayı müəyyənləşib. 12 matçı ümumilikdə 219 366 tamaşaçı izləyib.

Ən çox fanat “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb. Türkiyə klubunun 1:0 hesabı ilə qalib gəldiyi (ilk oyun 2:2) görüşdə 41 505 tərəfdar olub.

“Qarabağ”ın Bakıda Polşanın “Rakuv” komandası ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.

Xatırladaq ki, “Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu bundan sonra mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiyanın HJK komandası olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: