“Qarabağ” Vadji ilə vidalaşdı – Fransa klubuna 1 milyonluq transfer

Qarabağ” hücumçusu İbrahima Vadji ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi seneqallı futbolçunu Fransanın “Sent Etyen” klubuna satıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Azərbaycan çempionu rəsmi açıqlamasında İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Sent Etyen” isə seneqallı forvardla 3 illik müqavilə imzalandığını açıqlayıb. Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, İbrahima Vadji “Qarabağ”a düz bir il öncə – 2021-ci ilin avqustunda İsveçin “Hauqesund” klubundan transfer olunmuşdu. Seneqallı futbolçu Ağdam komandasında keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Sent Etyen” Vadjinin keçidi üçün Azərbaycan klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək. Halbuki, “Qarabağ” bu oyunçunu vaxtilə cəmi 600 min avroya heyətinə qatmışdı.

Yeri gəlmişkən, Vadji yeni klubunun rəsmi saytına açıqlama verib. 27 yaşlı forvard Fransa təmsilçisinə keçidini belə şərh edib:

“Fransaya və xüsusilə belə bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Yeni komandamın formasını geyinməyə hazıram”.

Xatırladaq ki, Vadji “Qarabağ” və “Hauqesun”dan başqa, “Molde”, “Qaziantep” və “Mbour” kimi klubların da formasını geyiib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: