Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qaradağ Lökbatan” qış hazırlıq prosesini yekunlaşdırmaq üzrədir.
Lökbatan təmsilçisinin baş məşqçisi Azər Həşimovla əlaqə saxlayıb komandanın hazırkı vəziyyətini öyrəndik.
Təcrübəli mütəxəssis Arena.az-a açıqlamasında komandanın mövsümün qalan hissəsinə hazırlığı barədə bunları söyləyib:
“Toplanış planlaşdırdığımız kimi gedir. Artıq hazırlığın son mərhələsinə yaxınlaşmışıq. Ümumən, pis olmadı. Üç yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq, ikisini artıq keçirmişik. Sonuncu oynumuz da ayın 31-də baş tutacaq.
Bəzi oyunçularla qarşılıqlı razılıq əsasında yollarımızı ayırmışıq. Bunlar Cavidan Rəhimli, İsa İsayev, Mehman Məsimov və Cavidan İzzətlidir. Əvəzində 2 oyunçu ilə müqavilə imzalamışıq – Rəşad Həsənov və Məhəmməd Qurbanov. Bəzi oyunçularla danışıqları davam etdiririk. Əlavə bir-iki futbolçu ilə də güclənmək istəyirik”.
Xatırladaq ki, “Qaradağ Lökbatan” 2023/2024 mövsümünün geridə qalmış hissəsində 27 xal toplayıb və Birinci Liqanın turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Nahid Məmmədov


